İQTİSADİYYAT
Türk ekspert: İğdır-Naxçıvan qaz kəməri muxtar respublikanın enerji təminatında mühüm rol oynayacaq

Bakı, 25 sentyabr, AZƏRTAC
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişafı üçün hər iki tərəfdən atılan siyasi addımlar dünya dövlətlərinə nümunə ola bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri və imzalanan sənədlər onu deməyə əsas verir ki, rəsmi Ankara ilə Bakı arasındakı strateji müttəfiqlik münasibətləri davamlı və dayanıqlıdır.
Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin “Ulusal” kanalının siyasi şərhçisi Yakub Aslan bildirib. O qeyd edib ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi haqqında imzalanan sənəd, ilk növbədə, muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Digər tərəfdən Naxçıvana enerji ixracı şaxələndiriləcək ki, nəticədə müəyyən siyasi və texnogen səbəblərdən asılı olaraq təbii qazın əhaliyə verilməsində fasilə yaranmayacaq.
Siyasi ekspert nəzərə çatdırıb ki, Azərbaycan Türkiyə üzərindən Avropaya qaz ixrac edir. Bakı-Tbilisi-Ərzurum (BTC) qaz kəməri 2007-ci ildə istifadəyə verilib. Ən başlıcası isə odur ki, BTC Azərbaycan ilə Türkiyənin qaz kəmərləri sistemlərini birləşdirdi. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil olunan təbii qaz bu kəmərlə Türkiyəyə çatdırıldı.
Prezident İlham Əliyevin enerji siyasəti çox məharətlə həyata keçirilir. Bu qəbildən onun Cənub Qaz Dəhlizi təşəbbüsü və təşəbbüsün həyata vəsiqə alması Türkiyə və Avropada yüksək qiymətləndirilir. Trans Anadolu (TANAP) və Trans Adriatik (TAP) kəmərləri ilə Azərbaycan Avropaya 16 milyard kubmetr qaz ixrac edir. Bunun 6 milyardı Türkiyəyə, qalanı isə Avropaya satılır. Azərbaycan 2027-ci ildə Avropaya qaz ixracının həcmini 30 milyarda çatdıracaq və buradan da Türkiyə payını alacaq. Məsələyə bu kontekstdə yanaşdıqda İğdır-Naxçıvan qaz kəməri vasitəsi ilə Azərbaycan muxtar respublikanın təbii qaz tələbatını tamamilə ödəyəcək.