Türk xalqları folklorunda ortaq komik personajlar - elmi seminar
Bakı, 8 may, AZƏRTAC
AMEA Folkor İnstitutunun Türk xalqları folkloru şöbəsində növbəti elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi dosent Elnarə Əmirlinin “Türk xalqları folklorunda ortaq komik personajlar” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi əvvəlcə Azərbaycan folkloruna xas komik personajlarla bağlı aparılan tədqiqatlar haqqında məlumat verərək bildirib ki, tədqiqatçılar müxtəlif dövrlərə aid araşdırmalarında folklorumuza xas komik personajlar, onların sosial funksiyası, gülüşlə əlaqəsinin şəkilləri və digər xüsusiyyətlərdən bəhs ediblər. Bu problemi tədqiq edərkən yalnız lətifələrlə kifayətlənmək olmaz. Folklorun digər epik janrlarına aid nümunələrdə də müəyyən komik epizodlar və onun iştirakçısı olan komik personajlar var. Lətifələrdə əsas məqsəd güldürməkdir, süjet komik vəziyyəti təsvir edir, burada əsas rolu komik personajlar oynayır. Deməli, personajın gülüşlə əlaqəsi baxımından lətifə ilə digər nümunələr fərqlənir: komik personaj süjetdə ya əsas rola malikdir, ya da müşayiətedici xüsusiyyət daşıyır.
Elnarə Əmirli vurğulayıb ki, Azərbaycan folklorunun özünəməxsus komik personajları var ki, bunların bir çoxu türk xalqlarına xas ortaq personajlardır. Türk xalqlarına məxsus şifahi örnəklərə istinad edərək Molla Nəsrəddin, Şah və Təlxək, Keçəl, Kosa, Cırtdan, Noxudbala və s. kimi qəliblər müəyyən edilib. Bu personajlar digər türk xalqlarına xas nümunələrdə fərqli şəkildə adlandırılsalar da, oxşar funksiya icra etməsi, oxşar xüsusiyyətləri daşıması baxımından onları uyğun qəliblərə aid etmək mümkündür. Məruzəçi hər bir personajla bağlı müxtəlif türk xalqları folklorundan örnəklərlə fikirlərini daha da əyaniləşdirib.
O vurğulayıb ki, Azərbaycan folklorunda komik personajlar etnik düşüncənin və sosial şüurun əsas daşıyıcılarıdır. Onlar eyni vaxtda həm tənqidçi, həm müəyyən mənada qoruyucu, uyğun olaraq tərbiyəedici və psixoloji cəhətdən rahatlıqverici personajlar kimi çıxış edirlər. Bu çoxfunksiyalılıq onların folklorda uzunömürlü olmasını şərtləndirir.
Sonda institutun əməkdaşları məruzə ətrafında çıxış ediblər.