Türkdilli Ölkələrin Parlament Assambleyasının növbəti iclası Qazaxıstanda keçiriləcəkdir
Bakı, 13 iyun (AZƏRTAC). Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) növbəti iclası Qazaxıstanda keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 13-də Bakıda TürkPA-nın V plenar iclasının yekunları ilə bağlı keçirilmiş brifinqdə məlumat verilmişdir.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək TürkPA-ya üzv dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini qeyd etmişdir. Bildirilmişdir ki, birgə səylər nəticəsində qurumun fəaliyyət istiqamətləri daha da genişləndirilməlidir.
Cəmil Çiçək vurğulamışdır ki, fərqli coğrafi mövqelərdə yerləşsək də əlaqələrimiz tarixi köklərə söykənir. TürkPA bu əlaqələri daha da möhkəmləndirmək, ortaq dəyərlərimizi gələcək nəsillərə ötürmək kimi vacib bir vəzifəni öz üzərinə götürmüşdür. O qeyd etmişdir ki, TürkPA dövlət başçılarının zirvə görüşlərində aldıqları ortaq qərarları parlamentlər səviyyəsində daha da gücləndirmək və xalqı təmsil edən insanlar olaraq bu qərarların tezliklə reallaşdırılması məqsədilə iradə birliyini ortaya qoymaq üçün münbit şərait yaradır.
Türkiyə Böyük Millət Məclisinin sədri Qazaxıstanda reallaşacaq iclasa qədər V iclasda verilən tövsiyələrin böyük bir qisminin yerinə yetiriləcəyinə və bu qurumun daha da təkmilləşəcəyinə əmin olduğunu demişdir.
Qırğızıstan Respublikası Jogorku Keneşinin sədri Asilbek Jeenbekov tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirmişdir. O məlumat vermişdir ki, iclasda çox əhəmiyyətli qərarlar qəbul edilmiş, maraqlı müzakirələr aparılmışdır. Türkdilli ölkələr arasında əlaqələrin gücləndiyini və dərinləşdiyini deyən sədr TürkPA-nın fəaliyyətinin xalqlarımız arasındakı münasibətlərin daha da sıxlaşmasına gətirib çıxaracağını qeyd etmişdir.
Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Kabibulla Djakupov vurğulamışdır ki, TürkPA-nın fəaliyyəti gələcəkdə daha da genişlənəcəkdir. O, demişdir ki, qurumda fəaliyyət göstərən komissiyalara ekologiya komissiyası da daxil edilmişdir. Gələcəkdə türkdilli ölkələrin Xəzər dənizinin ekoloji vəziyyəti mövzusunda məsələlər də müzakirə olunacaqdır.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov qeyd etmişdir ki, TürkPA-nın artıq ikinci dövrü başlayır. Birinci dövrdə qurum olduqca böyük nailiyyətlər əldə etmişdir. Çox yaxında TürkPA-nın tərkibi daha da artacaqdır.
Oqtay Əsədov V plenar iclasın çox səmərəli keçdiyini bildirmiş, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadilələri aparıldığını vurğulamışdır.