Türkiyə Azərbaycan Dərnəyi Xocalı soyqırımının tanınması üçün bir sıra bələdiyyə rəhbərlərinə müraciət edib
Bakı, 24 iyul (AZƏRTAC). Türkiyə Azərbaycan Dərnəyi Xocalı soyqırımının tanınması üçün bir sıra bələdiyyə rəhbərlərinə müraciət məktubu göndərib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Manisa şəhər bələdiyyəsinə və Turqutlu, Salihli, Alaşehir, Sarıgöl, Kula, Selendi, Aliağa bələdiyyələrinə ünvanlanmış məktubda Xocalı soyqırımı haqqında məlumat verilir. Bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən, 613 dinc sakinin işgəncələrlə qətlə yetirildiyi, 487 nəfərin ağır yaralandığı, 1275 insanın girov götürüldüyü və 150 nəfərin itkin düşdüyü faciə beynəlxalq hüququn prinsiplərinə əsasən soyqırımı kimi qəbul olunmalıdır.
Müraciətdə deyilir ki, Xocalıda yaşananlar BMT-nin Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasının 2-ci maddəsində müəyyən olunan “soyqırımı” anlayışı ilə tamamilə eynidir. Bundan başqa, Xocalı faciəsi Cenevrə Konvensiyası, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, Atəşkəs dövründə və hərbi qarşıdurmalar zamanı qadın və uşaqların qorunması Bəyannaməsinə tam zidd olaraq törədilmiş bir cinayətdir.
Diaspor təşkilatı Azərbaycan xalqının acısını paylaşmaq və Türkiyədə bu mövzuya həssas yanaşan milyonlarla vətəndaşımızın ümidlərinə cavab vermək üçün konkret addımların atılmasının vacibliyini vurğulayır.
Məktubda bələdiyyə sədrlərinə müraciətlə bildirilir ki, bələdiyyə məclislərində Xocalıda yaşananların soyqırımı kimi tanınması ilə bağlı qərarların çıxarılması, bələdiyyənin sərhədləri daxilində prospekt, küçə və parklara “Xocalı” adının verilməsi və Xocalı soyqırımına həsr olunmuş abidələrin ucaldılması faciəyə dair həqiqətlərin yayılması baxımından önəmlidir.