Türkiyə-Azərbaycan əlaqələrinin yaradılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Naxçıvan, 30 aprel, AZƏRTAC
Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra, 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə Respublikası olub. İki qardaş ölkə arasında əlaqələrin inkişafı isə türk dünyasının görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Dövlət Universitetində keçirilən “Naxçıvan-Türkiyə diplomatik əlaqələri yeni müstəvidə” adlı beynəlxalq elmi konfransda səsləndirilib.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən videoçarx nümayiş olunub. Konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ulu öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin yaradılması və inkişafı sahəsindəki xidmətlərindən, eləcə də müasir dövrdə ikitərəfli münasibətlərin inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, Naxçıvanın mühüm uğurlarının təməl daşı 1990-cı illərin əvvəllərində Ümummilli Lider Ali Məclisə rəhbərlik etdiyi dövrdə qoyulub. O dövrdə Araz çayı üzərindən Türkiyə ilə Naxçıvanı birləşdirən “Ümid” körpüsünün salınmasını blokada şəraitində olan Naxçıvanın sosial-iqtisadi həyatı üçün inqilabi bir addım kimi qiymətləndirən rektor vurğulayıb ki, Ulu Öndər Azərbaycana yenidən rəhbərliyə gəldikdən sonra da Naxçıvana xüsusi diqqət göstərib.
Bildirilib ki, müasir dövrdə Prezident İlham Əliyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun əvəzsiz xidmətləri nəticəsində Naxçıvanın sosial-iqtisadi inkişafında əhəmiyyətli uğurlar əldə edilib.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz ölkələrimiz arasında əlaqələrin inkişafından söz açaraq, əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində əhəmiyyətli olduğunu vurğulayıb.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Türkiyə-Naxçıvan diplomatik əlaqələri: tarixdə və günümüzdə” adlı çıxışında bildirib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, ümummilli lider Heydər Əliyevin Türkiyə Respublikasına ilk rəsmi səfəri zamanı, 1992-ci il martın 24-də imzalanmış “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” ilə qoyulub. 1992-ci il yanvarın 14-də yaradılan diplomatik əlaqələr həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyasının fəaliyyətə başlaması ilə nəticələnib. Bu siyasətin davamı olaraq 1993-cü ildən Naxçıvanda Türkiyə Respublikasının Baş konsulluğu fəaliyyətə başlayıb.
Türkiyənin İqdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində əhəmiyyətli olduğunu vurğulayıb, birgə fəaliyyətin perspektivlərindən danışıb. Rektor bu ilin oktyabrında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən simpoziumun keçiriləcəyini bildirib.
“Həsrət qapısının açılışının iki ölkə münasibətlərindəki önəmi” adlı çıxışında İqdır Universitetinin dosenti Cengiz Atlı vurğulayıb ki, 1992-ci il mayın 28-i Sədərək-Dilucu körpüsünün açılışı ilə iki respublika arasında əlaqələr daha da inkişaf edib və iqtisadi blokada yarılıb.
“Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı əlaqələr: ali səviyyəli görüşlər və nailiyyətlər” adlı çıxışında Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasova bildirib ki, 1995-ci il dekabrın 16-da Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Vasif Talıbоvun Naxçıvan Muxtar Rеspublikası Ali Məclisinin Sədri seçilməsi ilə Naxçıvanın xarici dövlətlərlə, xüsusən Türkiyə ilə dоstluq, mеhriban qоnşuluq əlaqələri xеyli gеnişlənib. Ali Məclis Sədrinin ilk olaraq 1996-cı ilin 12-17 mart tarixlərində qоnşu Türkiyə Rеspublikasına rəsmi səfər etməsi muxtar rеspublikanın mövcud prоblеmlərinin həlli istiqamətində atılmış mühüm addım оlub.
Konfrans bölmə iclasları ilə işini davam etdirib.