Türkiyə KİV-ləri Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünü geniş işıqlandırıb
Ankara, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Türkiyənin aparıcı kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən ikitərəfli görüşə xüsusi diqqət verilib. Aparıcı KİV-lər bu mövzunu “Prezident Ərdoğan Azərbaycanda isti qarşılandı” sərlövhəsi ilə təqdim ediblər. Bu tədbirlərdən çox sayda canlı yayım nümayiş olunub.
Ümumiyyətlə qardaş ölkə KİV-ləri Türk Şurasının Bakı Zirvəsinə hazırlıq, tamhüquqlu və məşvərətçi statusla təşkilatda təmsil olunan ölkələrdə bu quruma aid Zirvədən əvvəl keçirilmiş mərasimlər, görüşlər, təqdimatlar barədə də geniş məlumatlar yayıb.
Anadolu agentliyi, İHA xəbər portalı, “TRT HABER”, “aHaber“, “NTV”, “CNNtürk” kimi çoxtamaşaçılı televiziya kanalları, “Hürriyyət”, “Türkiyə qəzeti”, “Axşam”, “Milliyyət”, “Sabah” və s. nüfuzlu nəşrlər VII Zirvə Görüşü, bu çərçivədə keçirilən digər tədbirlər, eləcə də dövlət və hökumət başçılarının ikitərəfli görüşləri, qəbul olunan qərarlar və s. barədə türkdilli oxuculara geniş məlumatlar verilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara