Türkiyə klubunun prezidenti: Hücum xəttindəki boşluğu Renat Dadaşovla dolduracağıq
Bakı, 14 sentyabr, AZƏRTAC
Baş məşqçimiz Volkan Demirel Renatı uzun müddət izlədikdən sonra onun çıxışını bəyənib. Bilirik ki, futbolçu Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynayıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin “Hatayspor” klubunun prezidenti Nihat Tazearslan Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun Superliqa təmsilçisinə keçidi barədə danışarkən deyib.
Funksioner bildirib ki, 24 yaşlı forvardın Türkiyədə yerli statusda çıxış etməsi və legioner sayılmaması klub üçün üstünlükdür: “Məhz bu səbəbdən transfer gerçəkləşdi. Həmçinin Azərbaycan millisində oynaması da onun keçidində həlledici rol oynadı”.
Azərbaycan millisinin İordaniyanı 2:1 hesabı ilə məğlub etdiyi beynəlxalq yoldaşlıq görüşündə Dadaşovun çıxışını izlədiklərini söyləyən N.Tazearslan hücumçunun oyunundan razı qaldıqlarını vurğulayıb: “Performansını bəyəndik. Xüsusilə İordaniya ilə matçda çox yaxşı təsir bağışladı və qələbə qolunu vurdu. Bilirsiniz ki, ötən mövsümün sonunda əsas hücumçumuz Bertuğ Yıldırım Fransanın “Renn” klubuna transfer oldu. Ön xətdəki boşluğu Renat Dadaşovla dolduracağıq”.
Qeyd edək ki, müqavilə ilə İsveçrənin “Qrasshopper” klubuna məxsus olan Renat Dadaşov “Hatayspor”a icarə əsasında keçib. Onun Türkiyə təmsilçisi ilə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.