TÜRKİYƏ PREZİDENTİNİN GÜRCÜSTANA SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Türkiyə Prezidenti səfərin ilk günü Gürcüstan parlamentinin sədri Nino Burcanadze ilə görüşmüş, ölkənin ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidə önünə əklil qoymuş, həyat yoldaşı və nümayəndə heyətinin üzvləri ilə birlikdə Tbilisinin qədim məhəllələrini gəzmişdir.
Gürcüstan Prezidenti ali qonaqla danışıqlardan sonra mətbuat konfransında demişdir: “Gürcüstan və Türkiyə bir-biri ilə iqtisadi inteqrasiyaya nail olacaq, həmçinin Qara dəniz bölgəsində sabitlik, sülh naminə əməkdaşlığı inkişaf etdirəcəklər. Türkiyə bizim üçün nümunə götürülməli, dost olan böyük dövlətdir. Türkiyəni birləşdirib güclü dövlətə çevirən Mustafa Kamal Atatürk mənim üçün təqlid olunası xadimdir. O, Türkiyə üçün nə edibdirsə, Gürcüstan bu gün öz inkişafının həmin mərhələsindədir və biz də onu etməliyik ki, Gürcüstan bütöv, inkişaf etmiş ölkəyə çevrilsin. Buna görə də biz dost, qonşu və qardaş Türkiyədən çox şey öyrənəcəyik”. O, Gürcüstanın Avratlantika qurumlarına inteqrasiyasını dəstəklədiyinə, dost və qardaş yardımına görə Türkiyə hökumətinə təşəkkür etmişdir.
Əhməd Necdət Sezər Türkiyə ilə Gürcüstan arasında dostluq və mehriban qonşuluq, güclü tarixi-mədəni, insani əlaqələrin olduğunu vurğulamışdır. O demişdir ki, Türkiyə Gürcüstanı inkişaf edən, sabit ölkə görmək istəyir. Sezər Gürcüstanın məruz qaldığı münaqişələrin ölkənin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu və bu münaqişələrin tezliklə yoluna qoyulacağına əminliyini bildirmişdir. O, Axısqa türklərinin doğma yerlərinə qaytarılması məsələsinə də toxunaraq demişdir ki, Türkiyə onların vətənə dönməsi istiqamətində Gürcüstanın atdığı addımları alqışlayır. Biz bu məsələnin həllində öz köməyimizi göstərməyə hazırıq.
Səfərin sonuncu günü Türkiyə Prezidenti Əhməd Necdət Sezər Gürcüstanın Baş naziri Zurab Noğaideli ilə görüşmüşdür.