Türkiyədə yaşayan azərbaycanlı rəssam torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə rəsm əsəri hazırlayıb
İstanbul, 26 dekabr, AZƏRTAC
Türkiyədə yaşayan azərbaycanlı rəssam-heykəltəraş Gülnarə Pamuk Muxtarova tarixi Azərbaycan torpağı olan Qarabağın düşmən işğalından azad edilməsi münasibətilə “Çoban və uşaqlar” mövzusunda rəsm əsəri hazırlayıb.
Bununla bağlı AZƏRTAC-a müsahibə verən rəssam əsərin 1984-cü ildə Laçında çəkilmiş şəkil əsasında hazırladığını bildirib.
“Əlbəttə ki, özümdən əlavələr də etmişəm. Necə deyərlər, hisslərimi qələmə almağa çalışmışam. Qarabağ mənim üçün cənnətin özüdür. Mən xəyallarımdakı Qarabağ cənnətinin rəsmini çəkməyə çalışmışam. Bu hissləri sözlə ifadə etmək çox çətindir. Qarabağ hər birimizin uzun illər qanayan yarası, üzündəki hüzn, qəlbindəki boşluq idi. Hər bir azərbaycanlı, hər bir türk kimi mən də torpaqlarımızın uzun illər sürən əsarətdən xilas edildiyi üçün çox xoşbəxtəm. Nəhayət ki, biz öz doğma yurd-yuvamıza gedə biləcəyik. Biz oralar üçün darıxdığımız kimi, o yerlərin də bizə ehtiyacı var. Vətənimin hər guşəsində olduğu kimi, Qarabağımızda da uşaqların gülüş səslərinin eşidiləcəyi günlər artıq bir xəyal deyil. Bu sevinci bizə yaşatdığı üçün başda Prezidentimiz İlham Əliyev olmaqla bütün mərd, qəhrəman Azərbaycan oğullarına minnətdaram”, -deyə rəssam söyləyib.
Yaxın gələcəkdə İstanbulda “Qarabağ” mövzusunda sərgisinin açılacağını qeyd edən G.P.Muxtarova bu istiqamətdə hazırlıqların davam etdiyini deyib: “İndi işlərimin böyük əksəriyyəti məhz Qarabağ mövzusundadır. Bir neçə gün sonra daha bir əsəri “Azərbaycan maralı”nı bitirməyi planlaşdırıram. Sərginin daha əvvəl keçirilməsi nəzərdə tutulurdu. Lakin, təəssüf ki, pandemiya hər sahəyə olduğu kimi, incəsənətə də öz mənfi təsirini göstərir. Vəziyyətdən asılı olaraq sərgimin may ayında İstanbulun yeni rəsm qalereyalarından birində keçiriləcəyi nəzərdə tutulur”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul