Türkiyəli alim Bakıda seminar keçirib
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin təşkilatçılığı və İstanbul Universitetinin iqtisad elmləri doktoru Mustafa Özelin iştirakı ilə Bakıda “Amerikan yüz ilinin sonunda Türkiyə, Rusiya və Çin” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən Mustafa Özel böyük dövlətlərin sonunu gətirən amilin siyasi-iqtisadi sistemlərin yenilənmə olduğunu bildirib.
Onun sözlərinə görə, soyuq müharibə nəticəsində SSRİ-nin süquta uğramasına səbəb bu imperiyanın islahatlardan kənarda qalması olub. Nəticədə Şərqi Avropada və Qafqaz regionunda müstəqil dövlətlər yaranıb. Bunun nəticəsidir ki, aparılan uğurlu islahatlar sayəsində Azərbaycan dünya enerji siyasətində önəmli aktora çevrilib.
Mustafa Özel bildirib ki, min il bundan əvvəl dünyanın ticarət mərkəzi Çin idisə, sonrakı mərhələlərdə mərkəz Hind okeanı və Aralıq dənizi hövzələrinə, Amerikaya və Ərəbistan yarımadasına keçib.
Bu gün Çinin yenidən dünyanın ticarət mərkəzinə çevrildiyini deyən iqtisadçı alim qeyd edib ki, bu proses yeni meydana çıxan siyasi, iqtisadi sistemlər əsasında formalaşır.
Seminar müzakirələrlə davam edib.