ELM VƏ TƏHSİL
Türkiyəli psixiatr tələbələrə mühazirə oxuyub
Bakı, 11 mart, AZƏRTAC
Türkiyənin Özəl Boylam xəstəxanasının təsisçisi, psixiatr, professor Ertuğrul Köroğlu Xəzər Universiteti Psixologiya departamentinin magistr tələbələrinə “Klinik psixologiyada müasir nəzəriyyələr” dərsinin növbəti mühazirəsini təşkil edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tələbələr bu dərsdə A.Ellis modelinin əsas xüsusiyyətləri və fəlsəfəsi ilə tanış olublar. Dərsdə mövzuya dair əlaqədar praktik bilik və bacarıqlar qazanılması ilə bağlı tapşırıqlar həll edilib. Professorun pasiyentlərlə olan şəxsi praktiki videolarını paylaşmaları tələbələrdə böyük marağa səbəb olub.
Ertuğrul Köroğlu mühazirəsinin sonunda təəssüratlarını bölüşüb, tələbələrin aktiv və həvəsli olmasından bir müəllim kimi qürurlandığını və Xəzər Universiteti ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib.