Türkmənistanda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Aşqabad, 20 yanvar (AZƏRTAC). Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Tədbirdə Türkmənistanda yaşayan həmvətənlərimiz, ictimai və yaradıcılıq birliklərinin üzvləri, ziyalılar, iş adamları və səfirliyin əməkdaşları iştirak etmişlər.
Anım mərasimi Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Səfir Vəhdət Sultanzadə 1990-cı il yanvarın 20-də Azərbaycanda azadlıq uğrunda küçələrə çıxmış insanlara və dinc sakinlərə qarşı sovet ordusu tərəfindən zirehli texnika və müasir silahlar vasitəsilə törədilmiş cinayətlər haqqında məlumat vermiş və bu faciənin Azərbaycan tarixində xalqımızın yenilməzliyini, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini nümayiş etdirən qəhrəmanlıq səhifəsi olduğunu bildirmişdir.
Diplomat ümummilli lider Heydər Əliyevin Moskva şəhərində Azərbaycan nümayəndəliyinə gələrək və ilk dəfə bu hadisəni törədən cinayətkarların adlarını açıq şəkildə bəyan edərək, onların cəzalandırılması tələbi ilə çıxış etdiyini vurğulamışdır.
Səfir, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələri üçün müvafiq təqaüdlərin ayrılmasının və onlara xüsusi qayğı və diqqət göstərməsinin əhəmiyyətindən söhbət açmış, 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini qeyd etmişdir.
V.Sultanzadə ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və tapşırığı ilə 20 Yanvar və Azərbaycan xalqının üzləşdiyi digər qanlı faciələrə həsr olunmuş bir çox sənədlərin nəşr edildiyini, məhz Ulu Öndərin rəhbərliyi dövründə bu hadisəyə siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırmışdır. O, hazırda bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini, xalqımızın üzləşdiyi faciələr barədə Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu tərəfindən bir çox sənədli materialların hazırlandığını bildirmişdir.
Mərasim iştirakçıları 20 Yanvar hadisələri ilə bağlı sənədli filmə baxmışlar.
İlahə Əhmədova
AZƏRTAC-ın müxbiri
Aşqabad