UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək 26 klub bəlli olub
Bakı, 22 may, AZƏRTAC
UEFA Çempionlar Liqasının 2018/2019-cu il mövsümündə qrup mərhələsində birbaşa oynayacaq 26 komandanın hamısı bəlli olub.
AZƏRTAC xəbər verir ki, son vəsiqəni “Latsio”nu 3:2 hesabı ilə məğlub edərək İtaliya A seriyasında dördüncü yeri təmin edən “İnter” əldə edib. Milan təmsilçisi 2011/2012-ci il mövsümündən sonra ilk dəfə qitənin ən ali klub yarışına qatılacaq.
Qrup mərhələsində İspaniyadan “Barselona”, “Real Madrid”, “Atletiko Madrid”, “Valensiya”, İtaliyadan “Yuventus”, “Napoli”, “Roma”, “İnter”, İngiltərədən “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Liverpul”, Almaniyadan “Bavariya”, “Şalke”, “Xoffenxaym”, “Borussiya Dortmunt”, Fransadan PSJ, “Monako”, “Lion”, Rusiyadan “Lokomotiv” və ÇSKA, Portuqalyadan “Porto”, Ukraynadan “Şaxtyor”, Belçikadan “Bruqqe”, Türkiyədən “Qalatasaray” və Çexiyadan “Viktoriya Plzen” iştirak edəcəklər.
Qeyd edək ki, qrupun digər 6 iştirakçısı təsnifat mərhələlərinin oyunlarından sonra müəyyənləşəcək. Həmin mərhələnin iştirakçıları arasında Azərbaycan çempionu “Qarabağ” klubu da var. UEFA Çempionlar Liqasının yeni formatına əsasən, Ağdam klubu bu dəfə mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları iyulun 10-da və 11-də, cavab matçları isə iyulun 17-də və 18-də keçiriləcək.
Qrup mərhələsinin oyunlarına isə sentyabrın 18 və19-da start veriləcək.