UEFA-nın Tbilisidə keçirilən sammitində kütləvi futbolun inkişafına dair qərarlar qəbul olunub
Tbilisi, 2 mart, AZƏRTAC
“UEFA GROW” əməkdaşlıq proqramı çərçivəsində UEFA-nın “Şərqi Avropa ölkələrində kütləvi futbolun inkişafı” mövzusunda Tbilisidə keçirilən sammiti martın 2-də işini başa çatdırıb.
Qərbi və Şərqi Avropanın 55 ölkəsindən nümayəndələrin iştirak etdikləri sammitdə kütləvi futbolun və qadın futbolunun inkişafı ilə bağlı bir sıra tövsiyə xarakterli qərarlar qəbul olunub.
Sammitdə AFFA-nın fəaliyyəti yüksək qiymətləndirilib. AFFA-nın hazırladığı beşillik fəaliyyət planı bir sıra ölkələr üçün nümunə göstərilib.
İki gün davam edən sammitdə, ümumiyyətlə, kütləvi futbolun inkişafı yolları müzakirə olunub. Sammitin ikincin günündə keçirilən iclasda praktiki məsələlər, o cümlədən kütləvi futbolun və qadın futbolunun inkişafı ilə bağlı konkret vəzifələr müzakirə edilib.
AFFA-nın marketinq və sponsorluq şöbəsinin müdiri Tural Piriyev AZƏRTAC-a müsahibəsində deyib: “Sammitin birinci günündə Şərqi Avropa ölkələrində kütləvi futbolun inkişafında dövlətin və hökumətin rolu məsələləri müzakirə olundu. Bu gün isə biz qarşıya qoyulan məqsədlərə çatmaq üçün konkret vəzifələri nəzərdən keçirdik. Sammitdə iştirak edən federasiyaların nümayəndələri müxtəlif qruplarda toplaşaraq kütləvi futbolun və qadın futbolunun inkişaf yollarını və perspektivlərini müzakirə edib, təcrübə mübadiləsi apardılar”.
Azərbaycandan, Ukraynadan və Polşadan olan nümayəndələr bir qrupda toplaşaraq bu məsələləri müzakirə ediblər. Səmərəli keçən müzakirələrdə kütləvi futbolun və qadın futbolunun inkişafına dövlətin, müxtəlif icra strukturlarının dəstəyi, onların bu layihələrdə iştirakı yollarından danışılıb. Ümumi müzakirələrdə qarşıya qoyulan vəzilərin konkret həlli yolları barədə fikir mübadiləsi aparılıb, tövsiyələr qəbul olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi