SİYASƏT
Ufuk Turganer: Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsi qürurvericidir
Bakı, 28 noyabr, AZƏRTAC
Ölkənizin beynəlxalq COP29 iqlim konfransına yüksək səviyyəli ev sahibliyi etməsi münasibətilə Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının (ŞKTR) Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer ŞKTR-ın müstəqilliyinin 41-ci ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.
O, Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıb. Ölkəsinin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.
"Prezident İlham Əliyevin "bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur" fikri bizim üçün yol xəritəsidir. Bu yolda işləmək bizim böyük vəzifəmiz və məsuliyyətimizdir. Bu il ərzində parlamentlərimiz arasında dostluq qruplarının yaradılması Prezident İlham Əliyevin irəli sürdüyü yol xəritəsinin ən güclü sübutudur. Ölkələrimiz arasında iqtisadi, ticarət, turizm, ali təhsil sahələrində əməkdaşlığı inkişaf etdirmək üçün nümayəndə heyətlərimiz il ərzində bir çox görüşlər keçirib", - deyə Ufuk Turganer vurğulayıb.