UKRAYNA AZƏRBAYCAN İLƏ İKİTƏRƏFLİ HƏRBİ ƏMƏKDAŞLIĞI DƏRİNLƏŞDİRMƏK NİYYƏTİNDƏDİR
General-polkovnik S.Kiriçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.
Həmin gün Müdafiə Nazirliyində Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin təntənəli qarşılanma mərasimi olmuşdur. Qonağın şərəfinə Azərbaycan Silahlı Qüvvələrinin fəxri qarovulu düzülmüşdür. Azərbaycanın və Ukraynanın Dövlət himnləri səslənmişdir.
Sonra müdafiə naziri general-polkovnik Səfər Əbiyev S.Kiriçenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
General-polkovnik Səfər Əbiyev bildirmişdir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Ukrayna ilə bütün sahələrdə, o cümlədən hərbi sahədə fəal əməkdaşlıq edir.
Nazir, Cənubi Qafqaz regionundakı mövcud hərbi-siyasi vəziyyətə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq qeyd etmişdir ki, Ermənistan münaqişənin həllində destruktiv mövqe tutur və Azərbaycan torpaqlarının işğalını qanuniləşdirməyə cəhd göstərir. Lakin buna yol verilməyəcəkdir. Bizim məqsədimiz dövlətimizin ərazi bütövlüyünü bərpa etməkdir.
Sergey Kiriçenko Ukraynanın Azərbaycan ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini söyləyərək bildirmişdir ki, biz ikitərəfli hərbi əməkdaşlığı dərinləşdirmək əzmindəyik. Qonaq Ukrayna Silahlı Qüvvələrində aparılan islahatlar haqqında məlumat vermişdir.
Görüşdə tərəflər hər iki ölkədə silahlı qüvvələr quruculuğunun gedişi, hərbi sahədə əməkdaşlığın inkişafı, Avropa təhlükəsizlik strukturlarına inteqrasiya və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparmışlar.