DÜNYA
Ukrayna ordusunun əks-hücumu bir neçə həftə, hətta aylarla çəkə bilər - Makron
![Ukrayna ordusunun əks-hücumu bir neçə həftə, hətta aylarla çəkə bilər - Makron](/files/2023/2/1200x630/1686642143345352315_1200x630.jpg)
Bakı, 13 iyun, AZƏRTAC
Vaşinqton cəbhədəki aktiv əməliyyatların gedişində Ukraynanın işğal etdiyi torpaqları qaytara biləcəyinə “əmindir”.
AZƏRTAC Qərb mediasına istinadla xəbər verir ki, Kiyevin avropalı tərəfdaşlarının fikrincə, Ukrayna ordusunun əks-hücumu Rusiya ilə gələcək danışıqlara zəmin yaradır. Nəticələri qiymətləndirmək hələ çox tez olsa da, Kiyevin döyüş meydanındakı uğurları Moskvanı danışıqlara başlamağa məcbur edəcək.
ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin sözlərinə görə, Ukraynanın hücum əməliyyatları “sülhü uzaqlaşdırmır, əksinə, daha da yaxınlaşdırır”.
Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin əraziləri geri almaq üçün apardığı əməliyyatlar “bir neçə həftə, hətta aylar çəkə bilər”. Makron “Veymar üçbucağının” - Fransa, Almaniya və Polşa liderlərinin görüşündə cəbhədəki vəziyyəti şərh edərkən onu da bildirib ki, müttəfiqlər silah və sursat tədarükünü artırıblar. Almaniya kansleri Olaf Şolts isə Ukraynanın “lazım olduğu qədər” tank, artilleriya və hava hücumundan müdafiə sistemləri alacağını vurğulayıb.
Bu arada Ukrayna müdafiə nazirinin müavini Anna Malyar əks-hücumun gedişində Donetsk və Zaporojye vilayətləri istiqamətində 7 yaşayış məntəqəsinin azad olunduğunu, 90 kvadratkilometr ərazinin nəzarətə götürüldüyünü açıqlayıb. Prezident Volodimir Zelenski etiraf edib ki, əks-hücum əməliyyatları ağır gedir.