Ukraynada Azərbaycanın Dövlət Bayrağı Günü və Konstitusiyasının 20 illiyi qeyd olunub
Kiyev, 23 noyabr, AZƏRTAC
Bakı Slavyan Universitetinin Poltava İqtisadiyyat və Ticarət Universitetində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə və Konstitusiyasının 20 illik yubileyinə həsr edilən tədbir keçirilib.
Mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaşar Alxasov tədbir iştirakçılarına hər il ölkəmizdə noyabrın 9-da Dövlət Bayrağı Gününün, noyabrın 12-də isə Konstitusiya Gününün qeyd edildiyi haqqında məlumat verib. O, ölkənin dövlət rəmzlərinin və Əsas Qanununun müasir Azərbaycanda cəmiyyətin sıx birləşməsində və multikultural mühitin inkişafında rolundan və əhəmiyyətindən danışıb.
Poltava İqtisadiyyat və Ticarət Universitetinin tədbirdə iştirak edən professor-müəllim heyətinə və tələbələrinə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev