Ukraynada “Xocalı ayı” elan edilmişdir
Kiyev, 7 fevral (AZƏRTAC). Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kiyevdəki nümayəndəliyinin və Ukraynada Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) təşəbbüsü ilə fevral ayı bu ölkədə “Xocalı ayı” elan edilmişdir. Bu barədə AZƏRTAC-a ölkəmizin Kiyevdəki diplomatik nümayəndəliyində məlumat verilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış və Xocalı faciəsinə dünya birliyi tərəfindən siyasi-hüquqi və mənəvi qiymət verilməsinə yönəlmiş “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası çərçivəsində Azərbaycanın Ukraynadakı səfirliyi, UAGİ və ölkəmizin digər diaspor təşkilatları bütün Ukraynada Xocalı soyqırımına həsr edilmiş anım tədbirləri keçirəcəklər.
Bu kampaniya çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixinin ən qanlı səhifəsinə həsr edilmiş “dəyirmi masa”lar, sənədli filmlərə baxışlar, kitab təqdimatları, plakat və sənədlərin surətlərinin sərgiləri təşkil ediləcəkdir.
Tədbirlərdə bizim diplomatlar, Azərbaycan diasporunun rəhbərliyi və fəal üzvləri, Ukraynada hakimiyyətin bütün şaxələrinin və ölkə ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Yekun tədbiri fevralın 26-da səfirlikdə keçiriləcəkdir.
Tədbirlər başa çatandan sonra Ukraynada yaşayan azərbaycanlılar tərəfindən xarici ölkələrin Ukraynadakı səfirliklərinə və beynəlxalq təşkilatların bu ölkədə akkreditə edilmiş missiyalarına müraciət hazırlanacaqdır. Tədbirlərin məqsədi Xocalıda törədilmiş qanlı qırğının dünya birliyi tərəfindən pislənməsi və Azərbaycan xalqının faciəsində təqsirkarları insanlığa qarşı cinayətlərə görə məsuliyyətə cəlb etməkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev