Ukraynanın paytaxtında Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir
Kiyev, 11 iyun (AZƏRTAC). Bu gün Ukraynanın paytaxtında Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Ukraynadakı səfirliyimiz tərəfindən təşkil edilmişdir.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin adını daşıyan parkda onun abidəsi önünə çiçək dəstələri qoymuşlar.
Sonra Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Ukrayna qəhrəmanı, şair-tərcüməçi, ədəbi tənqidçi, siyasi xadim, diplomat, haqlı olaraq “Ukrayna millətinin vicdanı” adlandırılan Dmitri Pavlıçko və Ukrayna Kiçik Elmlər Akademiyasının prezidenti Stanislav Dovgi toplaşanlar qarşısında çıxış etmişlər.
Çıxışların hamısında Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin dahiliyindən və müdrikliyindən, dünya miqyaslı siyasətçi kimi onun böyük təcrübəsindən, gələcəyi qabaqcadan görmək qabiliyyətindən, vətənə və öz xalqına hədsiz məhəbbətindən, Heydər Əliyevin demokratik, dünyəvi və tərəqqi edən Azərbaycan qurmasından bəhs olunmuşdur. Həmçinin qeyd edilmişdir ki, Heydər Əliyev Ukrayna xalqının böyük dostu olmuşdur.
Sonra səfirliyimizin “Naxçıvan” salonunda tədbirin rəsmi hissəsi Ukraynadakı diplomatik nümayəndəliyimizin rəhbərinin giriş nitqi ilə açılmışdır.
Diplomat Azərbaycan xalqının və dövlətinin tarixində bu taleyüklü hadisənin tarixindən, Azərbaycan dövlətçiliyinin memarı, zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat fəaliyyətindən ətraflı söhbət açmışdır.
Azərbaycan səfiri Pyotr Poroşenkonun ölkənin beşinci Prezidenti seçilməsi münasibətilə Ukrayna tərəfini səmimi-qəlbdən təbrik etmiş və əmin olduğunu bildirmişdir ki, bu hadisə Azərbaycan-Ukrayna əlaqələrinin inkişafına yeni təkan vuracaqdır. Toplaşanların diqqətinə “Azərbaycan gələcəyin ölkəsidir” videoçarxı təqdim edilmişdir.
Çıxışlardan sonra “Heydər Əliyev” sənədli filmi göstərilmişdir.
Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri çərçivəsində görkəmli Ukrayna şairi, rəssamı və Ukrayna xalqının azadlıq tərənnümçüsü Taras Şevçenkonun anadan olmasının 200 illiyi ilə əlaqədar Böyük Kobzarın bədii əsərlərinin təqdimatı olmuşdur.
Tədbirin bu hissəsində Ukrayna Milli Jurnalistlər İttifaqının üzvü Əli Dəmirov, Ukraynanın Xalq Artisti Femiy Mustafayev və başqaları çıxış etmişlər.
Bayram tədbirinin iştirakçılarına tanınmış Azərbaycan alimi, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun Azərbaycanın Kiyevdəki səfirliyi tərəfindən Ukrayna dilində nəşr olunmuş “Heydər Əliyev ideyalarının müzəffər yürüşü” kitabının nüsxələri təqdim edilmişdir. Tədbir çərçivəsində həmçinin “Taras Şevçenko” elmi-təhsil veb-portalının və “Qulyayqorod” musiqi qrupunun müşayiəti ilə “Taras Şevçenko” səssiz filminin təqdimatı olmuşdur.
Tədbirdən sonra Femiy Mustafayev və Ukraynanın Xalq Artisti Qurban Abbasov mahnılar ifa etmişlər, müəllim Səfayə Naibovanın rəhbərliyi ilə Kiyev məktəblərinin Azərbaycan siniflərində təhsil alan şagirdlərin çıxışları olmuşdur. Azərbaycan diasporunun və Ukrayna ictimaiyyətinin fərqlənmiş nümayəndələri Azərbaycanın Ukraynadakı səfirliyinin fəxri fərmanları ilə təltif edilmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev