UKRAYNANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LEONİD KUÇMAYA
Ukraynanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda dost Ukrayna xalqını şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Müstəqillik yolu ilə inamla irəliləyən Ukraynanın uğurları bizi sevindirir. Dövlətçiliyin möhkəmləndirilməsi, demokratik islahatların həyata keçirilməsi, dünya birliyi ilə inteqrasiya sahəsində nailiyyətlər dost Ukraynaya layiqli nüfuz qazandırmışdır.
Azərbaycan ilə Ukrayna arasındakı münasibətləri də hər cəhətdən nümunəvi hesab etmək olar. Əminəm ki, ikitərəfli əlaqələrimiz bundan sonra da ənənəvi dostluq və əməkdaşlıq ruhunda inkişaf edərək, xalqlarımızın rifahına, regionumuzda sülhün və sabitliyin bərqərar olmasına xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 20 avqust 2004-cü il.