Ulu Öndər bütün həyatını Azərbaycan xalqına və onun müstəqilliyinə həsr edib
Lerik, 11 may, İlkin Adıyev, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi Lerik rayonunda təntənə ilə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Lerik şəhərindəki abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.
Lerik Mədəniyyət Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən fotolara baxış keçirilib.
Tədbir Dövlət Himninin sələndirilməsi ilə başlayıb. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Ulu Öndər Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli ömür yolu, o cümlədən müxtəlif tarixi dönəmlərdə Azərbaycana rəhbərliyi, xilaskarlıq missiyası, müstəqilliyini itirməkdə olan ölkəni fəlakətdən qurtarması barədə ətraflı məlumat verib.
Qurucusu və memarı olduğu müstəqil Azərbaycanın Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsinin isə xalqımızın milli sərvəti olduğunu bildirib.
Qeyd edib ki, dahi şəxsiyyət bütün həyatını Azərbaycan xalqına və onun müstəqilliyinə həsr edib. Heydər Əliyevin misilsiz xidmətləri bu gün Azərbaycanı möhkəm və qüdrətli bir dövlətə çevirib. Onun əsasını qoyduğu müstəqil dövlətçilik siyasəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar.