CƏMİYYƏT
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir tarixi şəxsiyyətlərdəndir VİDEO
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə, tədbir iştirakçıları akademiyanın həyətində Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanan tədbirdə akademiyanın rəisi, general-mayor Pənah Süleymanov qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir tarixi şəxsiyyətlərdəndir. Ümummilli lider Heydər Əliyev bütün ömrü boyu doğma Azərbaycan xalqının taleyi ilə yaşayıb, bütün həyatını canından da artıq sevdiyi Vətəninin tərəqqisinə həsr edib. Otuz ildən artıq bir müddətdə respublikamıza rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizdə qoyduğu tükənməz irs xalqımız üçün mayak rolunu oynayacaq. Daima Azərbaycan xalqının maraqlarını düşünən ümummilli lider azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı dillər əzbərinə, hər bir azərbaycanlının qürurla səsləndirdiyi şüara çevrilib.
Sonra Milli Məclisin üzvü, professor Hüseynbala Mirələmov müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin həyat yolundan, Vətən və xalq qarşısında göstərdiyi əvəzsiz xidmətlərindən danışıb, ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə yüksək nailiyyətlər qazanıldığını vurğulayıb.
Sonda ulu öndər Heydər Əliyev haqqında sənədli film nümayiş olunub.