Ulu öndər Heydər Əliyev Azərbaycanın xilaskarı, milli dövlətçiliyimizin qurucusudur
Naxçıvan, 11 iyun (AZƏRTAC, Tural Kəngərli). Naxçıvan Muxtar Respublikası (MR) Gənclər və İdman Nazirliyində Heydər Əliyev Lektoriyasının “Heydər Əliyev və Azərbaycan” mövzusunda növbəti məşğələsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, məşğələni giriş sözü ilə Naxçıvan MR gənclər və idman nazirinin müavini Məcid Seyidov açaraq ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən, xilaskarlıq missiyasından söhbət açmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyevin “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, Azərbaycan tarixinin inkişaf səhifələri ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmiz yerləşdiyi coğrafi məkana, yerüstü və yeraltı təbii sərvətlərinə görə həmişə diqqət mərkəzində olmuşdur. Ancaq xalqımız bu sərvətlərə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra sahib ola bilmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünədək ölkəmiz keçmiş ittifaq respublikaları sırasında ən son yerlərdə idi. Yalnız dahi şəxsiyyətin ölkəmizə rəhbərliyə başlamasından sonra iqtisadiyyatın hərtərəfli inkişafına nail olunmuş, elm, təhsil, mədəniyyət sahələri üzrə mühüm nailiyyətlər əldə edilmişdir. Həmin dövrdə milli kadrların yetişdirilməsi istiqamətində görülən işlər, ölkəmizdə ali təhsil müəssisələrinin sayının artırılması gələcək müstəqil Azərbaycanın inkişafında mühüm rol oynamışdır.
“Ötən əsrin sonlarında Sovet İttifaqının süqutundan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, bu müstəqillik xalqımıza elə də asan başa gəlməmişdir”, - deyən məruzəçi qeyd etmişdir ki, xarici güclərin Azərbaycana müxtəlif yollarla təsiri, torpaqlarımıza əsassız iddialar və bunun da nəticəsində ərazilərimizin bir hissəsinin işğal edilməsi, həmçinin ölkədə baş alıb gedən anarxiya, vətəndaş qarşıdurması yenicə qazandığımız müstəqilliyimizin itirilməsi ilə nəticələnəcəkdi. Belə bir dövrdə müdrik xalqımız yenə də üzünü öz xilaskar oğluna - əbədiyaşar lider Heydər Əliyevə tutdu. 1993-cü il iyunun 15-də böyük şəxsiyyət yenidən hakimiyyətə qayıtdı. Məhz həmin gün tariximizə “Milli Qurtuluş Günü” kimi yazıldı.
Qeyd olunmuşdur ki, Ulu Öndərin bu qayıdışı Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etmişdir. Ölkədə sabitlik yaradılmış, bütün sahələrdə islahatlara başlanılmış, milli ordu quruculuğu yeni mərhələyə qədəm qoymuşdur. Buna görə də müstəqil Azərbaycan dövləti var olduqca, xalqımızın xoşbəxt gələcəyini təmin edən ümummilli lider Heydər Əliyevin adı qəlbimizdə yaşayacaqdır.