Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi
Aşqabad, 13 iyun (AZƏRTAC). İyunun 13-də Azərbaycanın Türkmənistandakı səfirliyində Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir.
Türkmənistanda yaşayan soydaşlarımızın iştirakı ilə keçirilən tədbirdə səfir Vəhdət Sultanzadə bayram münasibətilə iştirakçıları təbrik etmiş və bu günün tarixi əhəmiyyətindən danışmışdır.
V.Sultanzadə bildirmişdir ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini bərpa etmişdir. Lakin müstəqilliyin ilk illərində siyasi hakimiyyətin və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla bütün təsisatların boşluğu hökm sürürdü. Azərbaycanda yaranmış xaos, anarxiya, hakimiyyətdaxili ziddiyyətlər ölkəni uçuruma doğru aparırdı. Ermənistanın işğalçılıq siyasəti respublikada vəziyyəti daha da gərginləşdirmiş və dövlətçiliyimiz böyük təhlükə qarşısında qalmışdı. 1993-cü ilin yayında Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.
Səfir V.Sultanzadə qeyd etmişdir ki, ölkənin bu ağır vəziyyətində ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmışdır. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. Məhz bundan sonra Azərbaycan dağılmaq, məhv olmaq təhlükəsindən xilas edildi.
Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, müstəqil Azərbaycanda dövlət quruculuğu, dövlətçiliyimizin qorunması istiqamətində misilsiz xidmətləri barədə görüş iştirakçılarına məlumat verən V.Sultanzadə 15 iyunun xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu bildirmişdir.
Diqqətə çatdırılmışdır ki, 1997-ci ilin iyununda Azərbaycan Respublikasının Milli Məclisi həmin günü bayram elan etmişdir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin fəaliyyəti haqqında film nümayiş etdirilmişdir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad