Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir keçirilib
Bakı, 16 may, AZƏRTAC
Bakının Qaradağ rayonunda, “Qobu Park 2” yaşayış kompleksində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyasının və “Hünər” idman klubunun təşkilatçılığı ilə keçmiş məcburi köçkün məktəblilər arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxışında Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərini qeyd edib, ölkəmizə rəhbərliyinin hər iki dövründə idmanın və bədən tərbiyəsinin inkişafına, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə xüsusi diqqət və qayğı göstərdiyini bildirib.
Bildirilib ki, keçmiş məcburi köçkünlər üçün salınmış qəsəbələrdə idmanın və bədən tərbiyəsinin kütləviliyinin təmin edilməsi məqsədilə zəruri qurğu və meydançalar yaradılıb, müxtəlif idman növləri üzrə bölmələr fəaliyyət göstərir.
Turnir 6-15 yaşlı uşaqlar arasında 5 yaş qrupu və bir neçə çəki dərəcəsi üzrə keçirilib. Yarışda müxtəlif klubları təmsil edən 50 idmançı mübarizə aparıb.
Turnirin məqsədi uşaqlara və yeniyetmələrə cəldlik və dözümlülük kimi vacib keyfiyyətlər aşılayan fullkontakt kyokuşin karate idman növünə marağı artırmaq, fiziki sağlam gənclərin yetişməsinə dəstək olmaqdır.
Turnirin sonunda qaliblərə medallar və sertifikatlar təqdim olunub.