REGİONLAR
Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir
Lənkəran, 11 may, İlkin Adıyev, AZƏRTAC
Lənkəran rayonunda Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilib.
Dövlət Himninin səsləndirilməsindən sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin bütün istiqamətləri üzrə geniş və əhatəli çıxış edib. Qeyd edib ki, xalqımız yeni əsrə və minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Bildirilib ki, ölkəmiz Ulu Öndərin birinci siyasi hakimiyyəti dövründə onun qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Bütün sahələr üzrə statistik rəqəmləri xatırladan icra başçısı Ümummilli Liderin siyasi hakimiyyətdə olduğu 1969-1982-ci illərin Azərbaycan tarixinə intibah dövrü kimi daxil olduğunu vurğulayıb.
Diqqətə çatdırılıb ki, ölkəmizdə müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir.
Çıxışlarda Ulu Öndərin siyasi hakimiyyətdə olduğu dövrdə Lənkəranla bağlı gördüyü işlərdən danışılıb. Bildirilib ki, yerli sakinlər həmin illəri Lənkəranın “Qızıl dövrü” adlandırırlar.
Sonra Ulu Öndərin həyatına və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.