Ulu Öndər müasir tariximizə dövlətçiliyimizin xilaskarı və qurucusu kimi daxil olub
Zaqatala, 13 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqı öz milli qurtuluş mübarizəsini yad edərkən, ilk növbədə, bu tarixin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevi xatırlayır, dahi şəxsiyyətin ölməz ruhu qarşısında baş əyir. 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Milli Qurtuluş Günü münasibətilə iyunun 13-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Suveren Azərbaycan və Heydər Əliyev” mövzusunda elmi-praktik konfransda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra 1993-cü ilin iyun hadisələrinə və Ümummilli Lider Heydər Əliyevə həsr olunan film nümayiş etdirilib.
Konfransda rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanovanın məruzəsi dinlənilib. Məruzədə 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikada yaranmış ağır vəziyyət, hökm sürən hərc-mərclik, baş verən ictimai-siyasi proseslər geniş təhlil olunub. Bildirilib ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrdə iqtidarda olanların səriştəsiz və xəyanətkar əməllərinin məntiqi nəticəsi olan hakimiyyət böhranı 1993-cü ilin iyununda artıq kulminasiya həddinə çatmışdı. Ölkəni xaos və anarxiya bürümüş, dövlət müstəqilliyimiz çox ciddi təhlükə ilə üzləşmişdi. 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev öz müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edə bildi. Ulu Öndər müasir tariximizə dövlətçiliyimizin xilaskarı və qurucusu kimi daxil oldu. Bu səbəbdən də 15 İyun - Milli Qurtuluş Günü, eyni zamanda, Azərbaycan dövlətçiliyinin xilası günüdür.
Konfransda Zaqatala rayonlararası mühafizə bölməsinin rəisi Şaiq Məmmədov, rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Ruslan Poladov və Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov çıxış edərək, Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını vurğulayıblar.