ULU ÖNDƏRİMİZİN DÜNYA AZƏRBAYCANLILARININ I QURULTAYINDAKI NİTQİ MƏNİ VƏTƏNİMƏ DAHA SIX TELLƏRLƏ BAĞLADI
-Müstəqil dövlətimizin qurucusu və memarı, ulu öndərimiz Heydər Əliyevin ən böyük xidmətlərindən biri də dünya azərbaycanlılarını bir yerə yığması, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsini yaratması, dünyanın bütün guşələrində dağınıq halda fəaliyyət göstərən diasporumuzun təşkilatlanması üçün real tədbirlərə başlaması idi. Əvvəllər hər birimiz ayrı-ayrı ölkələrdə konkret məqsəd, ideya, fəaliyyət proqramı olmadan fəaliyyət göstərirdik. Mən Rusiyada yaşayıb işləyən həmvətənlərimin bir çoxu ilə ilk dəfə 2001-ci ilin noyabrında keçirilən I qurultayda görüşdüm. Məhz ümummilli liderimiz Heydər Əliyevin qurultaydakı nitqindən sonra, Azərbaycan mənim üçün elə bil yenidən doğuldu, Vətənimə mənən yenidən qovuşdum. 2002-ci ildən başlayaraq doğma ölkəmdə xalqım naminə təmənnasız olaraq bir çox işlər görməyi özümə borc saydım.
Böyük şəxsiyyət Heydər Əliyevə öz hörmət və ehtiramımı ifadə etmək üçün ilk dəfə ümummilli liderimizin 80 illik yubileyi şərəfinə Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində internat məktəbi üçün üçmərtəbəli bina tikdirdim.
Bu gün qürur hissi keçirirəm ki, gənc olmasına baxmayaraq, müasir dünya siyasətçiləri arasında özünün siyasi yetkinliyi, diplomatik bacarığı, intellekti ilə tanınan Prezidentimiz İlham Əliyev ulu öndərimizin siyasi xəttini uğurla davam etdirir. Mən hələ 3 il əvvəl mətbuata verdiyim müsahibədə qətiyyətlə bildirmişdim ki, Azərbaycanın taleyi, inkişafı, işıqlı gələcəyi yalnız dahi şəxsiyyət Heydər Əliyevin siyasətinin davam etdirilməsi sayəsində mümkündür.
Qürur hissi duyuram ki, dövlətimizin başçısı İlham Əliyev dünyanın müxtəlif guşələrinə səpələnmiş həmvətənlərimizin arzularını, ümidlərini doğrultdu, dünya azərbaycanlılarını yenidən bir yerə topladı. Mən Prezidentimlə, Azərbaycanımla, Vətənimlə fəxr edirəm.