Ulu Öndərin 100 illiyi münasibətilə tədbir - “Mədəniyyətə bağlı ömür”
Bakı, 16 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli Uşaq İncəsənət Məktəbi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Mədəniyyətə bağlı ömür" adlı tədbir keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə foyedə kiçik rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra tədbir rəngarəng konsert proqramı ilə davam edib.
Konsertdə məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri, nağaraçalanlar, sazçalanlar ansamblı, xor kollektivi, “Leyla” rəqs kollektivi bir-birindən maraqlı ifalarla çıxış ediblər.
Müxtəlif janrlar üzərində qurulan konsert proqramı məktəbin direktoru Cahangir Süleymanovun çıxışı və şagirdlərlə bərabər ifası ilə sona çatıb.