Ümumavropa Prokurorluğu fəaliyyətə başlayıb
Budapeşt, 2 iyun, AZƏRTAC
Avropa İttifaqında (Aİ) Ümumavropa Prokurorluğu fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, Aİ-nin yeni qurumu Lüksemburqda yerləşir. Bu qurum bütün Aİ məkanında qanunun aliliyini təmin etməlidir.
Ümumavropa Prokurorluğuna Aİ üzvü ölkələrdə istintaqla bağlı xüsusi səlahiyyətlər verilib. O, subsidiyalarla bağlı dələduzluqda, israfçılıqda və korrupsiyada, çirkli pulların yuyulmasında və ya Aİ vəsaitlərinin qanunsuz olaraq mənimsənilməsində təqsirkar şəxsləri aşkar etmək və onları məsuliyyətə cəlb etmək, ƏDV ilə bağlı transsərhəd dələduzluğa qarşı mübarizə aparmaq, milli səviyyədə müstəqil təhqiqatlar aparmaq, həbs orderləri vermək və ittihamlar təqdim etmək səlahiyyətlərinə malik olacaq.
Yeni idarənin ilk rəhbəri vəzifəsinə Rumıniyanın sabiq baş prokuroru Laura Kodrutsa Keveşi təyin edilib. O həm də Rumıniya Milli Antikorrupsiya İdarəsinin baş prokuroru idi.
Ümumavropa Prokurorluğunun işində Macarıstan, Danimarka, İrlandiya, Polşa və İsveç istisna olmaqla Aİ üzvü olan bütün ölkələr iştirak edir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt