ÜMUMDÜNYA SKAUT HƏRƏKATI TƏŞKİLATI AZƏRBAYCANLA ƏMƏKDAŞLIQDA MARAQLIDIR
Qonaqları səmimi salamlayan Murtuz Ələsgərov demişdir ki, əsası 1907-ci ildə Böyük Britaniyada qoyulmuş Skaut hərəkatının indi dünyanın 200-dən çox ölkəsində 30 milyondan çox üzvü var. Azərbaycanda Skaut hərəkatı 1997-ci ildə təsis edilmiş və 2000-ci ildən Ümumdünya Skaut Hərəkatı Təşkilatına üzv qəbul olunmuşdur.
Milli Məclisin sədri qeyd etdi ki, respublikamızda bu təşkilata xüsusi diqqət yetirilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev gənclərin ikinci forumunda Azərbaycanın Skaut hərəkatının üzvlərinə öz tövsiyələrini vermişdir və sevindirici haldır ki, təşkilat özünü doğruldur. Avrasiya Regional Skaut Komitəsinin növbəti konfransının bu günlərdə Bakıda keçirilməsi deyilənlərə bariz nümunədir.
Sonra parlamentin rəhbəri “Hər şey xeyirxah iş üçün” devizi ilə fəaliyyət göstərən ÜSHT-yə hər bir ölkədə dövlət və hökumət tərəfindən qayğı göstərilməsinin və təşkilatın fəaliyyətinin daha da genişləndirməsinin vacibliyindən danışdı.
Səmimi qəbul üçün minnətdarlıq edən Eduardo Missioni respublika rəhbərliyi tərəfindən Azərbaycan Skaut hərəkatına göstərilən qayğıdan razılığını bildirdi və dedi ki, bu cür qayğı digər ölkələrə də nümunə olmalıdır. Qonaq, Ümumdünya Skaut Hərəkatı Təşkilatının ölkəmizlə bu sahədə əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırdı.
Sonra o, rəhbərlik etdiyi qurumun fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verdi.
Qarşılıqlı maraq doğuran digər məsələlərə də aydınlıq gətirildi.