ELM VƏ TƏHSİL
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir
Bakı, 17 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün Bakı şəhərinin Binəqədi, Pirallahı, Sabunçu rayonlarında, həmçinin Cəlilabad, Füzuli, Kürdəmir, Neftçala, Qax, Quba, Samux, Şəmkir rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu gün, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblər, Bakıda və Şəmkirdə yerləşən tədrisi ingilis, fransız, gürcü dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri də imtahan verirlər. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması “Azneft” İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilir.
İmtahanlarda 102 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli, nitq pozuntulu) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 120 imtahan binası, 1747 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 120 ümumi imtahan rəhbəri, 303 imtahan rəhbəri, 2211 nəzarətçi-müəllim, 240 buraxılışı rejimi əməkdaşı (mühafizə), 120 bina nümayəndəsi ayrılıb.
Bugünkü imtahanlarda 22 min 698 şagirdin iştirakı nəzərdə tutulur.