Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının sıx birləşməsində müstəsna rol oynamışdır
Bakı, 14 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyi Moldova Azərbaycanlıları Konqresi (MAK) ilə birlikdə Azərbaycan və türk diasporlarının üzvləri üçün Milli Qurtuluş Gününə həsr olunmuş qəbul təşkil etmişdir.
Tədbirdən əvvəl iştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etmiş, Azərbaycanın Moldovadakı səfirliyi binasının foyesində Ulu Öndərin büstü önünə çiçək dəstələri düzmüşlər.
Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev toplaşanlar qarşısında çıxış edərək Milli Qurtuluş Gününün tarixindən danışmışdır. O, qeyd etmişdir ki, 1993-cü il iyunun 15-də, Vətənimiz ən yeni tarixində ən faciəli günlərini yaşadığı bir zaman Heydər Əliyev xalqın təkidli tələbi ilə respublikanın rəhbərliyinə qayıtmış, Azərbaycanı xaos və tənəzzüldən xilas etmişdir.
Səfir bildirmişdir ki, Heydər Əliyev çox qısa bir zaman kəsiyində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bilmiş, müstəqil çiçəklənən Azərbaycanın inkişaf strategiyasının əsasını qoymuşdur. Hazırda bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Beləliklə, 15 iyun xalqımızın milli dövlətçilik tarixində dönüş nöqtəsi olaraq ölkənin salnaməsinə Mili Qurtuluş Günü kimi daxil olmuşdur.
Tədbirdə çıxış edən Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov demişdir ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıtması ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, milli tərəqqi və dünyəvilik kimi ümumbəşəri dəyərlərə söykənən yeni ideologiyanın əsası qoyulmuşdur.
V.Novruzov xüsusi qeyd etmişdir ki, dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təmin edilməsində Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, azərbaycanlıların Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün böyük səylər göstərmiş, bu istiqamətdə çox mühüm qərarlar qəbul etmişdir.
Sonra Azərbaycan tarixində Heydər Əliyevin müstəsna rolu haqqında ətraflı diskussiya olmuşdur.
Tədbir çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş poçt markalarının və onun haqqında yazılmış kitabların sərgisi təşkil edilmişdir. Heydər Əliyev Fondunun nəşrləri ekspozisiyada xüsusi yer tutmuşdur.