Ümummilli lider Heydər Əliyevin xatirəsi Meksikada anılıb
Vaşinqton, 11 may, AZƏRTAC
Azərbaycanın Mexikodakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı tədbir təşkil edilib.
Tədbirdə müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb, onun müasir Azərbaycanın banisi olduğunu söyləyib, ölkə tarixində müstəsna rolunu qeyd edib. Vurğulayıb ki, Heydər Əliyev Azərbaycanı xaos və böhrandan qurtararaq qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkəyə çevirib.
Diplomat Heydər Əliyevin qüdrətli dövlət xadimi, dahi şəxsiyyət, uzaqgörən siyasəti ilə bütün regionda və ondan kənarda yeni reallıq yaratmış parlaq simalardan biri olduğunu vurğulayıb. O, Heydər Əliyev irsinin dünyada tanıdılmasında, onun gələcək nəsillərə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini qeyd edib. Fondun həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda çox mühüm mədəniyyət, humanitar, təhsil və bir çox digər sahələrdə layihələri uğurla həyata keçirdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın bugünkü uğurları, dünyada nüfuzunun gündən-günə artması, regionun liderinə çevrilməsi, ölkəmizin təşəbbüsü ilə dünya miqyaslı layihələrin böyük müvəffəqiyyətlə həyata keçirilməsi - bütün bunlar məhz Ulu Öndərin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən siyasət nəticəsində mümkün olub.
Meksikanın xarici ölkələrlə münasibətlərinin inkişafı üzrə fəaliyyət göstərən “Ruyalar” Vətəndaş Assosiasiyasının xarici əlaqələr üzrə əlaqələndiricisi, Azərbaycan dilində danışan ilk Meksika vətəndaşlarından olan Pedro Fransisko tədbirdə çıxış edərək Ulu Öndərin nəinki Azərbaycan, dünya miqyasında bir dahi və qəhrəman olduğunu deyib.
Mexiko Milli Musiqi Konservatoriyasının professoru Spartak Babayev çıxışında Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü mühüm işlərdən danışıb, o cümlədən mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğını qeyd edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton