Ümummilli lider Heydər Əliyevin xatirəsi Xorvatiyada anılıb
Zaqreb, 11 may, AZƏRTAC
Azərbaycanın Xorvatiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Xorvatiyada fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, o cümlədən Türkiyə, Rusiya, İran və Qazaxıstanın Xorvatiyadakı səfirləri, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov dahi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzsiz xidmətlərindən söz açaraq, Ümummilli Liderin şərəfli ömür yolu və milli dövlətçilik tariximizdə misilsiz xidmətləri, o cümlədən hüquqi dövlət quruculuğu naminə mühüm fəaliyyəti, respublikamızda iqtisadiyyat, təhsil, mədəniyyət sahələrinin inkişafında böyük rolu barədə danışıb.
Diplomat Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq bu gün Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli davamlı tərəqqisini, təhlükəsizliyinin etibarlı qorunduğunu vurğulayıb, ölkəmizin dünyada rolu və nüfuzunun gündən-günə artdığını qeyd edib.
Rusiyanın Xorvatiyadakı səfiri Anvar Azimov Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Sovet İttifaqının iqtisadiyyatı üçün mühüm qərarların verilməsində rolundan danışaraq, onun dövrümüzün ən görkəmli siyasi xadimlərindən biri olduğunu vurğulayıb. Səfir dahi rəhbərin milli özünüdərkin formalaşmasında əvəzsiz rolunu, onun dövlətçilik prinsiplərinə daim sadiq qalaraq müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi naminə yorulmaz fəaliyyətini vurğulayıb.
Tədbirdə xorvat dilinə tərcümə edilmiş, ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunmuş qısametrajlı sənədli film göstərilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb