Ümummilli Liderin anadan olmasının 95-ci ildönümü Vyetnamda da qeyd edilib
Bakı, 11 may, AZƏRTAC
Mayın 10-da Azərbaycanın Vyetnamdakı səfirliyi tərəfindən Hanoy şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanın tanınmış bəstəkarı Vaqif Mustafazadənin əsərlərindən ibarət konsert proqramı nümayiş etdirilib.
Tədbirdə Vyetnam Kommunist Partiyasının, Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, Hanoyda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, Vyetnamın ali təhsil ocaqlarının və gənclər təşkilatının nümayəndələri, həmçinin Azərbaycan universitetlərinin vyetnamlı məzunları və KİV təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizin tarixində əvəzsiz rol oynadığını və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətləri ilə Azərbaycan tarixinin gedişatını dəyişən bir şəxs olduğunu xüsusi vurğulayıb.
O, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinin iki dövründə - Sovet İttifaqı və müstəqillik illərində ölkəmizə uğurla rəhbərlik etdiyini bildirib. A.İmanov Ulu Öndərin rəhbərliyi ilə sovet dövründə görülən fundamental tədbirlərdən bəhs edib. Qeyd edib ki, görülən işlər nəticəsində Azərbaycan qısa müddət ərzində keçmiş Sovet İttifaqının ən sənayeləşmiş respublikalarından birinə çevrildi. Səfir məhz bu misilsiz fəaliyyətinə görə Heydər Əliyevin Sovet İttifaqı Nazirlər Şurasının sədrinin birinci müavini vəzifəsinə qədər yüksəldiyini və 1982-1987-ci illərdə bu vəzifəsinin öhdəsindən layiqincə gəldiyini söyləyib.
A.İmanov müstəqil Azərbaycanın tarixində də Heydər Əliyevin dövlətçilik fəaliyyətinin əvəzsiz olduğunu xüsusi vurğulayıb. O, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətli inkişafının təmin olunması və dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi istiqamətlərində mühüm tədbirlərin görülməsinə, eyni zamanda, bütün sahələr üzrə ciddi islahatlara və beynəlxalq tərəfdaşlar ilə əlaqələrin qurulmasına başlanıldığını bildirib. Diplomat ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə energetika, infrastruktur və digər sahələrdə genişmiqyaslı layihələrin uğurla həyata keçirilməsi nəticəsində bu gün Azərbaycanın Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrildiyini və beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyini xüsusi vurğulayıb.
A.İmanov Heydər Əliyevin Azərbaycan və Vyetnam xalqları arasında əlaqələrin qurulmasında və inkişafında mühüm rol oynadığını bildirib. O, ümummilli lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə iki xalq arasında dostluq əlaqələrinin təməlinin qoyulduğunu qeyd edib. Səfir ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanın təhsil müəssisələrində beş mindən çox vyetnamlının oxuduğunu bildirib.
O, Azərbaycanın bugünkü inkişafının ulu öndər Heydər Əliyevin tariximizin həlledici anlarında verdiyi müdrik qərarlara əsaslandığını və Azərbaycan xalqının Ümummilli Liderinin bu xidmətlərini yüksək qiymətləndirdiyini xüsusi vurğulayıb.
Tədbir zamanı ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, habelə Ulu Öndərin şah əsəri olan müasir Azərbaycan haqqında video nümayiş etdirilib, həmçinin səfirlik tərəfindən Vyetnam dilində nəşr etdirilmiş “Heydər Əliyev” kitabı tədbir iştirakçılarına təqdim olunub.