UN-Habitat rəsmisi: Azərbaycanın “ağıllı şəhər” təşəbbüsləri digər ölkələr üçün nümunə ola bilər VİDEO
Bakı, 20 may, AZƏRTAC
Biz Azərbaycanda həyata keçirilən “ağıllı şəhər” təşəbbüslərini izləyirik və yüksək qiymətləndiririk.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Livanda proqram üzrə direktor müavini Tarek Osseiran deyib.
O, BMT-nin Məskunlaşma Proqramı olaraq şəhərlərin daha “ağıllı” və dayanıqlı inkişafını dəstəklədiklərini bildirib.
“Çünki hazırda şəhərlər bir çox ciddi problemlərlə üz-üzədir: əhali artımı, iqlim dəyişikliyi nəticəsində ətraf mühitin pisləşməsi və digər urban çağırışlar. Buna görə də, belə təşəbbüslər çox vacibdir. Düşünürəm ki, Azərbaycanın bu istiqamətdə gördüyü işlər yüksək qiymətləndirilir və bu təcrübə digər şəhərlər və ölkələr üçün yaxşı bir model ola bilər. Bakı şəhərinin bu inkişaf prosesini görmək çox dəyərlidir”, - deyə o diqqətə çatdırıb.