WUF13-də təhlükəsiz və dayanıqlı icmalar üçün şəhər təcrübələri dinlənilib
Bakı, 20 may , AZƏRTAC
Mayın 20-də Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Praktiki şəhər transformasiyası: Təhlükəsiz və dayanıqlı icmalar üçün şəhər təcrübələri” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə ATƏT-in ekoloji məsələlər üzrə məsul əməkdaşı Andre Confado və Ukrayna Milli Memarlar İttifaqının Məkan Planlaşdırıcıları Assosiasiyasının rəhbər müavini Lidya Şurdani-Çijevska moderatorluq ediblər.
Müzakirələrdə İsveçrə Federal Texnologiya İnstitutunun nümayəndəsi Haris Piplas, Sarayevo şəhərinin dayanıqlı inkişaf şöbəsinin nümayəndəsi Dərviş Hacıməhərrəmoviç, Lvov Şəhər Şurasının Şəhər İnstitutunun direktoru Olena Pavlyuk çıxış ediblər. Bildirilib ki, ATƏT üçün urbanizasiyanın təhlükəsizlik aspektləri müxtəlif sahələri əhatə edir. Bunlar səhiyyə, gender, enerji, miqrasiya, yaxşı ekoloji idarəçilik, ətraf mühitin mühafizəsi, biomüxtəliflik və hər şeyi daha da kəskinləşdirən iqlim dəyişikliyidir. Beləliklə, şəhərlərdə görülən tədbirlər ətraf mühitlə bağlı təhlükəsizlik risklərinin həllində əsas rol oynayır, eyni zamanda, iqlim fəaliyyətinə töhfə verir.
Onlar qeyd ediblər ki, planlaşdırma, enerji mövzuları, mobillik, su idarəçiliyi, biomüxtəliflik və rəqəmsal aspektləri bir araya gətirmək olduqca önəmlidir. Planlaşdırma, sadəcə, bir rəsm və ya strategiya ilə bitmir, o, nəsillər boyu icra olunmalıdır.