Mehmet Duman: “Ağıllı şəhər” layihələri Azərbaycanın şəhərsalma sahəsində innovativ inkişaf modelinə çevrilə bilər
Bakı, 20 may, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” layihələri Azərbaycanın şəhərsalma sahəsində innovativ inkişaf modelinə çevrilə bilər.
AZƏRTAC xəbər verir ki, bu fikri Qərbi Asiya Yerli Hökumətlər Təşkilatının (MEWA) baş katibi Mehmet Duman Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZƏRTAC-a açıqlamasında səsləndirib.
O, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərinə toxunaraq deyib ki, Azərbaycan uzun illər çətinliklərlə üzləşib. İndi isə həmin vəziyyəti üstünlüyə çevirmək mümkündür: “İşğaldan azad edilmiş ərazilərdə şəhərlər yenidən qurularkən ən müasir texnologiyalar və “Ağıllı şəhər” modelləri tətbiq edilə bilər. Yeni şəhərsalma modeli həmin ərazilərə insanların qayıdışını sürətləndirəcək və regionun iqtisadi inkişafına əlavə töhfə verəcək. “Ağıllı şəhər” layihələri həm insanların təhlükəsiz və rahat yaşayışını təmin edəcək, həm də gələcəkdə regionun iqtisadi və sosial inkişafını dəstəkləyəcək”.
MEWA-nın baş katibi, həmçinin bildirib ki, Azərbaycan bələdiyyələri onun təmsil etdiyi təşkilatın fəaliyyətində yaxından iştirak edir. "Biz istəyirik ki, Azərbaycan və Türkiyə bələdiyyələri daha sıx əməkdaşlıq etsin. Təşkilata Türk Dünyası Bələdiyyələr Birliyi, Türkiyə Bələdiyyələr Birliyi, Marmara və Aralıq dənizi Bələdiyyələr Birlikləri, həmçinin ərəb və Asiya şəhər təşkilatları daxildir. Biz region ölkələrinin yerli idarəetmə qurumları ilə birlikdə ortaq layihələr həyata keçiririk”, - deyə o diqqətə çatdırıb.