WUF13: Tarixi ənənələr və müasir inkişafın qovuşduğu platforma
Musa Qasımlı: Azərbaycanın şəhərsalma təcrübəsi bütün dünya üçün böyük örnəkdir
Bakı, 20 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) Prezident İlham Əliyevin çıxışı tarix və müasirliyin əlaqəsi, gələcəyə baxış baxımından böyük əhəmiyyət daşıyır. Forum ən yüksək səviyyədə təşkil edilib, 182 ölkədən 45 mindən artıq şəxs qeydiyyatdan keçib.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib. O bildirib ki, foruma gələn qonaqların əksəriyyəti Azərbaycana ilk dəfə səfər etdiklərinə görə onlar şəhərsalma mədəniyyətində Azərbaycanın təcrübəsini öz gözləri ilə görəcəklər: “Prezidentin çıxışında Azərbaycan tarixinə böyük məharətlə qısa səyahət edildi. Böyük Azərbaycan şairi Nəsiminin doğulduğu Şamaxıda tikilmiş ən qədim məscidlərdən biri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin doğulduğu Gəncədə çoxsaylı abidələrin olduğu, Qafqaz Albaniyasının paytaxtı Qəbələ xatırladıldı. Eyni zamanda, Prezident VI əsrə aid olan Qız qalasının olmasını xatırlaması da Azərbaycan xalqının qədim və zəngin şəhərsalma mədəniyyətinin olduğunun dünyaya çatdırılması idi.
Dövlət başçısının çıxışında Azərbaycanın müasir şəhərsalma mədəniyyəti də xatırladıldı. 30 il ərzində işğal altında qalan ərazilərdə işğalçı ölkə Ermənistan daşı daş üstündə qoymayıb. Torpaqları işğaldan azad etdikdən sonra Azərbaycan ən müasir şəhərləri, yaşayış məntəqələrini həmin ərazilərdə salır, “ağıllı şəhərlər” və “ağıllı kəndlər” yaradılır. İnanılmazdır ki, işğaldan azad edildikdən sonra qısa müddət ərzində Azərbaycan böyük işlər görüb. Bu, yollar, tunellər, yaşayış binaları, məktəblər, səhiyyə ocaqları və digər sosial obyektlərdir”.
Musa Qasımlı qeyd edib ki, Azərbaycanın şəhərsalma təcrübəsi bütün dünya üçün böyük örnəkdir: “Prezidentin nitqində vurğuladığı məsələlərdən biri 1846-cı ildən bəri, yəni dünyada ilk dəfə neft Bakıda hasil edildikdən sonra ətraf mühitin çirklənməsinə diqqətin yönəldilməsidir. O vaxtdan bəri Azərbaycanın təbii sərvəti sovrulub aparılıb, xalqımıza mazut gölməçələri qalıb. Xalq arasında “Qaraşəhər” deyilən bir yer də var idi. Amma bu gün həmin “Qaraşəhər”in yerində “Bakı Ağ Şəhər” salınıb. Ekologiya təmizlənib, yüksək şəhərsalma mədəniyyəti həmin ərazidə nümayiş etidirilir. Bütün bunlar Azərbaycanın böyük təcrübəsidir. Eyni zamanda, Azərbaycanın dünya şəhərsalma mədəniyyətinə böyük töhfəsini göstərir. Prezidentin də dediyi kimi, Azərbaycanın şərq ilə qərb arasında yerləşməsi memarlığın müxtəlif üslublarının ölkəmizdə qovuşmasına imkan yaradıb. Bu forum Azərbaycanın təcrübəsinin dünyada öyənilməsinə kömək edəcək, xalqımızın dünya mədəniyyəti yaradan xalq olduğunu bir daha təsdiq edəcək. Heç şübhəsiz ki, bütün bunlar özbaşına olmur. Onları müəyyənləşdirən, dəqiq planlaşdıran və idarə edən dövlət başçımızın zəkası və liderlik qabiliyyətidir. Buna görə də Ümumdünya Şəhərsalma Forumu təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə dünya şəhərsalma mədəniyyətinin bir hissəsidir, Azərbaycan ona öz töhfəsini verir”.