UNESCO ilə İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlıq əlaqələri möhkəmlənir
Bakı, 1 noyabr (AZƏRTAC). AMEA-nın rəyasət heyətində UNESCO-nun Moskva ofisinin direktoru Dendev Badarç və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva ilə görüş keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edən AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademiyanın akademik-katibi, professor Rasim Əliquliyev institutun əsas fəaliyyət istiqamətlərindən danışmışdır. Təhsildə informasiya texnologiyalarının tətbiqi, təhsil proseslərinin informasiyalaşdırılması, bu prosesdə müxtəlif elmi problemlərin tədqiqinin institut qarşısında duran mühüm vəzifələrdən olduğunu bildirmişdir. Müasir dövrdə bu sahədə innovativ inkişafın əldə olunmasının zəruriliyini vurğulayan alim ölkənin təhsil sisteminin inkişafı üzrə qəbul edilən dövlət proqramları, həyata keçirilən layihələr haqqında məlumat vermişdir. Cari ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planında təhsildə İKT-nin tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.
Professor həmçinin UNESCO ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə layihələrin təşkilinin İnformasiya Texnologiyaları İnstitutunun prioritet istiqamətlərindən olduğunu qeyd etmişdir.
Təmsil etdiyi qurum barədə məlumat verən D.Badarç müasir dövrdə elm və təhsilin inteqrasiyasının mühüm məsələlərdən olduğunu vurğulamış, təşkilatın bu işlərə böyük önəm verdiyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, müasir texnologiyalardan istifadə bacarığı, qabaqcıl biliklərin əldə olunması və inkişafı təhsil sistemi qarşısında duran əsas vəzifələrdən olmalıdır.
İnformasiya texnologiyaları ilə bağlı tədris materiallarının əldə edilməsi məsələsinə toxunan D.Badarç açıq təlim resurslarının yaratdığı imkanlardan söhbət açmışdır.
Görüşdə, həmçinin UNESCO ilə birgə təlim və seminarların təşkili, elm və təhsildə İKT-nin tətbiqi ilə əlaqədar konfransların keçirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.