UNİBANKIN ÜMUMİ KAPİTALI 40 MİLYON MANATADƏK ARTIRILACAQ
Unibank Kommersiya Bankının ümumi kapitalının həcmi 40 milyon manata çatdırılacaqdır. Bu, bankın Ümumi Səhmdarlar Məclisində qərara alınmışdır.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, qərarın icrası üçün “UniBank”ın məcmu kapitalı ilin axırınadək 2,5 dəfədən çox artacaqdır.
Qərar çərçivəsində “Unibank”ın 8,4 milyon manatlıq növbəti emissiyasını həyata keçirmək də planlaşdırılır. Bundan sonra bankın nizamnamə kapitalı 15 milyon manata çatacaqdır.
Səhmdarların iclasında müstəqil direktor Ernst Veltekin Müşahidə Şurasına qəbul olunması qərara alınmışdır. Bundan əvvəl Deutsche Bundesbankın prezidenti, habelə Avropa Mərkəzi Bankının İdarəetmə Şurasının üzvü E.Velteke Müşahidə Şurasının səs vermək hüququ olan üzvü seçilmişdir.
Bundan əlavə, bankın səhmdarları xarici banklardan ümumən 100 milyon dollar vəsait cəlb olunmasına dair bir sıra əqdləri, bankın idarə heyətinin hesabatını və ötən ilin yekunlarına əsasən, audit hesabatının nəticələrini təsdiq etmişlər. Xatırladaq ki, bankın ötənilki auditini PriceWaterhouseCoopers audit şirkəti həyata keçirmişdir. Şirkətin məlumatına görə, keçən il bankın aktivləri 2,09 dəfə artaraq, 140,386 milyon manat olmuşdur.
Bankın verdiyi kreditlər aktivlər strukturunda 87,864 milyon manat təşkil etmişdir. Yeri gəlmişkən, ötən il həmin göstərici 1,92 dəfə artmışdır. Ötən ilin yekunlarına görə, “Unibank”ın cəlb etdiyi depozitlərin ümumi həcmi 80,96 milyon manat təşkil etmişdir. Həmin göstəricinin ötənilki artımı 1,93 dəfə olmuşdur.
Bankın nizamnamə kapitalı isə keçən il dəyişməyərək, 6,6 milyon manat səviyyəsində qalmışdır. Lakin 12,655 milyon manatlıq məcmu kapital 1,36 dəfə artmışdır.
“UniBank”ın vergiqoymadan əvvəlki mənfəəti ötən ilin yekunlarına əsasən, 4,443 milyon manat təşkil etmişdir ki, bu da inişilin oxşar göstəricisindən 1,7 dəfə artıqdır. Bankın xalis mənfəəti isə 2005-ci illə müqayisədə artım 1,84 dəfə olmaqla, 3,347 milyon manat təşkil etmişdir.