ELM VƏ TƏHSİL
UNİVERSİTETLƏRARASI ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
1999-cu ilin avqustunda Almaniyanin Köln Tətbiqi Elmlər Universiteti və Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalandıqdan sonra hər iki universitet müəllim və tələbələrin qarşılıqlı mübadiləsi, müştərək proqramların tərtibi və müxtəlif qrantların tətbiqi sahəsində layihələr işləyib hazırlamışdır.
Universitetlərarası əməkdaşlığın təşəbbüsçülərindən biri olan Köln Universitetinin professoru Rza Talibi Dəryaninin verdiyi məlumata görə, Avropa Komissiyasının TEMPUS proqramı çərçivəsində Azərbaycan Texniki Universitetinin elektrotexnika fakültəsində tədrisin müasir tələblər səviyyəsində təşkilinə dair ikiillik layihə artıq həyata keçirilməyə başlamışdır. Ümumi dəyəri 263.000 avro olan həmin layihə çərçivəsində Texniki Universitetin müvafiq kafedralarında tədris avadanlığı yeniləşdiriləcək, tələbə və müəllimlər Köln Tətbiqi Elmlər Universitetində və Avropa Komissiyasının təşəbbüsü ilə əməkdaşlığa yardımçı olan Niderlandın Helen Universitetində ixtisasartırma kursları keçəcəklər.
Layihənin təşkilatçıları - Köln Tətbiqi Elmlər Universitetinin professorları Verner Qornik və Rza Talibi Dəryani, habelə Helen Universitetinin professorları Daniels və Ramos layihənin həyata keçirilməsinə Bakıdan başlamağı qərara almışlar. İşçi qrupu bu məqsədlə martın 7-14-də Azərbaycanda səfərdə olacaqdır.
Yusif Xəlilov
AZƏRTAC-ın Berlindəki xüsusi müxbiri