Uruqvayın xarici işlər naziri: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun olaraq həll edilməlidir
Bakı, 12 mart, AZƏRTAC
Milli Məclisin Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin başçılığı ilə nümayəndə heyəti martın 11-də Uruqvayda səfərdə olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, deputatlar Muxtar Babayev, Asim Mollazadə, Fuad Muradov və Aslan Cəfərovun daxil olduğu nümayəndə heyəti Uruqvayın vitse-prezidenti, Baş Assambleyasının və Senatının sədri Raul Sendic ilə görüşüb.
Görüşdə iki ölkə arasında iqtisadi-ticarət, enerji, kənd təsərrüfatı, humanitar sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğu bildirilib və mövcud imkanlardan bəhrələnmək üçün birgə fəaliyyət planları müzakirə edilib. Vitse-prezident növbəti illər ərzində Uruqvay-Azərbaycan əlaqələrinin inkişafı üçün lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. Parlamentarilərimiz Azərbaycanın inkişaf strategiyası, son illərdə sosial-iqtisadi sahələrdə əldə etdiyi nailiyyətlər, ölkəmizin regional siyasətdəki rolu, qlobal enerji təhlükəsizliyinə, mədəniyyətlərarası dialoqa verdiyi töhfələr barədə məlumat veriblər.
Səfər çərçivəsində azərbaycanlı deputatlar Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri Aleksandro Sançes ilə də görüşüblər. Görüşdə Azərbaycan ilə Uruqvay arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları, eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Latın Amerikası ölkələri ilə əlaqələrin inkişafı çərçivəsində Uruqvayla əməkdaşlığa diqqət yetirdiyini, bu xüsusda Montevideoda diplomatik missiyanın təsis olunduğunu bildirən C.Feyziyev ölkəmizin bütün sahələrdə Uruqvayla əlaqələrin genişlənməsinə hazır olduğunu deyib. A.Sançes Uruqvayın da Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğu və iki ölkə arasında bir-birini tamamlayan imkanlardan bəhrələnməyin xalqlarımızın mənafeyinə xidmət etdiyini söyləyib. R.Sançes Uruqvayın sülhpərvər ölkə olduğunu, ənənəvi olaraq dövlətlərin suverenliyinə hörmət və münaqişələrin sülh yolu ilə həlli mövqeyindən çıxış etdiyini vurğulayıb.
Görüşlərdən sonra Uruqvay parlamenti tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib.
Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşdə Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişafı üçün birgə fəaliyyət istiqamətləri müzakirə edilib. Azərbaycanın Uruqvayın dostu olduğunu söyləyən nazir iki ölkənin beynəlxalq məsələlərə münasibətdə oxşar baxışlara malik olmasını, beynəlxalq təşkilatlar, xüsusilə də BMT çərçivəsinə səmərəli əməkdaşlığın mövcudluğunu, habelə bir-birini tamamlayan iqtisadiyyatlara malik olmasını əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli əsaslar kimi xarakterizə edib. O, Uruqvay hökumətinin Azərbaycanla növbəti illər ərzində əlaqələrin inkişafı istiqamətində çalışmağa hazır olduğunu deyib.
Görüşdə regional məsələlər, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb. Nazir R.N.Novoa Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə Uruqvayın mövqeyini açıqlayaraq bildirib ki, bu problem beynəlxalq hüquqa uyğun olaraq həll edilməli, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri yerinə yetirilməlidir. Bir ölkə tərəfindən digər ölkənin ərazisinin silahlı işğalına yol verilməməli və münaqişənin nizamlanmasında dövlətlərin ərazi bütövlüyü prinsipi əsas götürülməlidir. Uruqvayın məsələ ilə bağlı mövqeyinə görə təşəkkürünü bildirən Azərbaycan tərəfi münaqişənin nizamlanmasının bölgədə davamlı və möhkəm sülhün bərqərar olunması, əməkdaşlıq, inteqrasiya və hərtərəfli inkişafın təmin edilməsinə verəcəyi töhfələrdən danışıb.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Uruqvay neft şirkəti olan ANAP-ın rəhbərliyi ilə də görüşərək, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Milli Məclisin deputatlarının Uruqvaya səfəri həm bu ölkənin, həm də digər ölkələrin ispandilli mətbuatının diqqət mərkəzində olub.