UŞAQ PROBLEMLƏRİ ÜZRƏ I MİLLİ KONFRANS KEÇİRİLMİŞDİR
Açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkədə xüsusu qayğıya ehtiyacı olan uşaqların sayının 21 minə çatdığını qeyd etmiş, müxtəlif səbəblərdən ailəsindən ayrı düşmüş, dövlət uşaq müəssisələrində yaşayan uşaqların, müvafiq qanunvericiliyə uyğun olaraq, dövlət qayğısı ilə əhatə olunduğunu bildirmişdir.
H.Hüseynova “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın əhəmiyyətini vurğulamış, Heydər Əliyev Fondunun pezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın uşaqların sağlamlığı, onların təhsili ilə yaxından maraqlandığını diqqətə çarpdırmışdır.
YUNİSEF-in Azərbaycandakı rəhbəri xanım Hana Singer, təhsil nazirinin müavini İradə Hüseynova, “Save the children” təşkilatının Azərbaycan üzrə rəhbəri Nassir Fərrac xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərindən danışmış, son illər bu sahədə müvafiq dövlət qurumları, yerli QHT-lər və beynəlxalq təşkilatlar tərəfindən görülən işlər barədə məlumat vermişlər.
Konfransda mövzu ilə bağlı çıxışlar dinlənilmiş, müzakirələr aparılmışdır.
Konfrans çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən QHT-lərin və icma əsaslı mərkəzlərin sərgisi təşkil edilmişdir. Sərgidə 50-dən artıq təşkilatın uşaqlarla bağlı həyata keçirdikləri layihə və proqramların nəticələri nümayiş etdirilmişdir.