Uşaqlar yol hərəkət qaydalarını necə bilirlər?
Bakı, 2 mart, AZƏRTAC
“Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və AMK tərkibində İncəsənət Gimnaziyası “Uşaqlar yol hərəkət qaydalarını necə bilirlər?” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, məqsəd uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi, yol mədəniyyəti barədə məlumatlılığı artırmaq və onların yeni biliklər öyrənməsini təmin etməkdir.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova və polis leytenantı Rüstəm Əhmədli uşaqlarla yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparıb, məktəb ərazilərində yol hərəkəti qurbanlarının azaldıla biləcəyi məqsədilə görülən işlərdən danışıblar.
Sonra mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Tədbir zamanı 25 nəfər ibtidai sinif şagirdi yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarını nümayiş etdirib.
Sonda uşaqlar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunublar.