RƏSMİ XRONİKA
UŞAQLARIN İNTELLEKTUAL CƏHƏTDƏN HƏRTƏRƏFLİ İNKİŞAFI ÜÇÜN HƏR CÜR ŞƏRAİT YARADILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 23-də Neftçala Şəhər Şahmat Məktəbi ilə tanış olmuşdur.
Məktəbin direktoru İmanbaxış Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, bu məktəb 1987-ci ildə istifadəyə verilmişdir və indiyədək heç bir təmir işi aparılmadığına görə bina yararsız vəziyyətə düşmüşdü. Hazırda bina yüksək səviyyədə əsaslı təmir olunmuşdur, burada respublika səviyyəli şahmat turnirlərinin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Məktəbdə 12 məşqçi müəllim çalışır, 13 müəllim isə kəndlərdə idmanın bu növünü uşaqlara öyrədir. 587 uşağın məşğul olduğu bu məktəbin yetirmələri 10 dəfə respublika çempionu adını qazanmışlar. Onlar, həmçinin Kanada, Braziliya və Avropanın bir sıra ölkələrində keçirilən beynəlxalq yarışlarda iştirak etmişlər. Neftçala Şahmat Məktəbinin yetirmələri olan Fidan və Fizzə Şirəliyeva bacıları Braziliyada keçirilən yarışda respublikamızı təmsil etmişlər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəblə yaxından tanış oldular, uşaqların şahmat oyunlarına tamaşa etdilər. Dövlətimizin başçısı əsas və iclas zallarına, kompyuterlə təmin olunmuş şahmat otaqlarına baxdı və bildirdi ki, yeni nəslə diqqət və qayğı bundan sonra da artırılacaqdır. Uşaqların intellektual cəhətdən hərtərəfli inkişaf etmələri üçün şahmatın böyük rolu vardır.