ÜST: Avropa regionunda böyük sayda ailələr tibb xidmətləri ödənişlərindən sonra səfalət yaşayır
Bakı, 13 dekabr, AZƏRTAC
Yer kürəsi əhalisinin yarısından çoxu - təxminən 4,5 milyard insan tibb xidmətləri ilə əhatə olunmayıb. Bu göstəricilər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında yer alıb.
AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, ÜST-nin hesabatına görə, Avropa regionunda hələ də milyonlarla insan tibb xidmətlərinin ödənişi ilə bağlı çətinliklər yaşayır. Avropada səhiyyə sistemləri əhalinin şəxsi vəsaiti hesabına tibbi xərclərin ödənişinə əhəmiyyətli dərəcədə əsaslanır. İnsanların əksəriyyəti bununla bağlı maliyyə çətinlikləri ilə qarşılaşır. Bundan başqa, şəxsi vəsaitlərindən ödənişlər insanları borca salır, yoxsulluğa məhkum edir.
2019-cu ilin göstəriciləri həyəcanlı meyillər nümayiş etdirir: regionun bir çox ölkəsində əhalinin tibb xidmətləri ilə əhatə olunmasında böyük çatışmazlıqlar qalmaqdadır. Avropa regionunun 40 ölkəsindən yalnız 23-ündə tibb xidmətləri əhalinin 99 faizi üçün əlçatandır.
Əhaliyə səhiyyə xidmətlərinin əlçatanlığının dəyərləndirilməsində əsas terminlərdən biri “fəlakətli xərclərdir”. Bu xərclər səhiyyədə o deməkdir ki, ailə daha özünü normal qida, yaşayış yeri və istiliklə təmin edə bilmir, çünki tibb xidmətlərinə görə öz cibindən ödəniş etməlidir.
Tədqiqatların nəticələri göstərir ki, əhalisinin səhiyyə xidmətləri ilə əhatə olunmasında çatışmazlıqların olduğu ölkələrdə “fəlakətli xərclər” tibb xidmətlərinin praktiki olaraq hər kəsə əlçatan olduğu dövlətlərlə müqayisədə üç dəfə yüksəkdir.
Ambulator dərmanlar üçün şəxsi vəsaitdən ödənişlər Avropa ölkələrində xüsusən əhalinin təxminən beşdəbir hissəsini təşkil edən yoxsullar üçün maliyyə çətinliklərinin başlıca səbəbidir.
Pandemiya Avropada vəziyyəti ağırlaşdırıb: tibb xidmətlərindən yararlanmaq üçün böyük növbələr yaranır, buna görə də insanlar özəl klinikalara müraciət etmək və öz şəxsi vəsaitlərindən böyük məbləğ ödəmək məcburiyyətində qalırlar.