ÜST: COVID-19-dan ölümlər yekunda 336 milyon ömür ilinin itirilməsi ilə nəticələnib
Bakı, 19 may, AZƏRTAC
COVID-19-dan ölümlər 2020-2021-ci illərdə yekunda 336 milyon ömür ilinin itirilməsi ilə nəticələnib, səhiyyənin inkişafında tərəqqi dayanıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, 2020-2021-ci illərdə COVID-19 dünyada ömür davamlılığı prosesində heyrətamiz itkilərə səbəb olub. Pandemiya ilə bağlı ölüm hallarının artması yekunda 336,8 milyon ömür ilinin itirilməsi ilə nəticələnib ki, bu, ortalama hər artıq ölüm üzrə 22 ilə bərabərdir.
Hesabat müəllifləri xatırladıblar ki, 2000-ci ildən 2019-cu ilədək ömür uzunluğu 67-dən 73 yaşadək yüksəlib. Lakin koronavirus pandemiyası sağlamlıqla bağlı bir çox göstəricilərdə geriləməyə səbəb olub və yüksəkkeyfiyyətli tibbi xidmətə əlçatanlıqda qeyri-bərabərliyə gətirib çıxarıb. Nəticədə, malyariya və vərəm xəstəlikləri üzrə göstəricilərin yaxşılaşması tendensiyası mənfi istiqamətə yönəlib.
Hesabatda qeyd olunur ki, öz növbəsində, qeyri-infeksion xəstəliklərin səbəb olduğu ölümlərin sayı durmadan artır. Hər il baş verən bütün ölüm hallarının dörddə üçü bu xəstəliklərlə bağlıdır. ÜST-nin proqnozlarına görə, bu tendensiyanın qalacağı təqdirdə, cari yüzilliyin ortalarına doğru hər il qeydə alınan 90 milyon ölüm halının təqribən 86 faizi qeyri-infeksion xəstəliklərin payına düşəcək.
ÜST tütün və alkoqol istehlakı ilə bağlı risklərin azaldılmasında inkişafın yetərsiz olduğunu qeyd edib. Bundan başqa, təşkilat piylənmənin geniş yayılması ilə bağlı həyəcan təbili çalıb. Hesabat müəllifləri 2015-ci ilin nailiyyətləri ilə müqayisədə əsas tibbi xidmətlərə əlçatanlığın genişlənməsinin yavaşlaması və səhiyyədə maliyyə çətinliklərinin azalmasında tərəqqinin olmaması ilə əlaqədar da narahatlıq ifadə ediblər.